Universitetin tarixi

 

“Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yük­səkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır”!

Heydər Əliyev,
Ümummilli Lider

(1980-ci il dekabrın 16-da Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində AKTİ-nin 50 illik yubileyindəki nitqindən)

1919-cu ilin sentyabr ayında Azərbaycan İnqilab Komi­təsinin qərarı ilə Respublikamızda ilk ali məktəb -Bakı Dövlət Universiteti yaradıldıqdan sonra, 1920-ci il noyabrın 16-da ikinci ali məktəb - Bakı Politexnik İnstitutu, dekabrın 18-də bu İnstitutun nəzdində 5 fakültə, o cümlədən, kənd təsərrüfatı fakültəsi yaradılır və bununla da ölkəmizdə ali kənd təsərrüfatı mütə­xəs­sislərinin hazırlığına başlanılır. Aqronom N.A.Lebedev kənd təsərrüfatı fakültəsinin ilk dekanı təyin olunur. O dövrlərdə Cənubi Qafqaza bir qrup rus və digər əcnəbi alimlərlə sürgün edilmiş torpaqşünaslıq elminin banisi V.V.Do­ku­ça­yevin şagir­di, pro­fes­­sor Vladimir Pavloviç Smirnov-Loqinov 1921-ci ildən 1929-cu ilin may ayı­nadək kənd təsərrüfatı fakül­təsinə dekan qismində rəhbərlik etmişdir.

Azərbaycan Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmışdır.1931-ci ildə institut Bakıdan Gəncəyə köçürülmüşdür.

1932-ci ilin mayında bu təhsil və elm məbədinin dar çərçivədə 10 illik yubileyi keçirilmiş, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk dilində, 500-ü rus dilində) “AKTİ-nin yubiley toplusu” Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilmişdir. O dövrdə institutun tarixi kənd təsərrüfatı fakültəsinin yarandığı gündən, yəni, 1929-cu ildən yox, 1920-ci il dekabrın 16-dan hesablanırdı.

1940-cı ildə Respublikada ali kənd təsərrüfatı təhsilinin 20 illiyi ilə əla­qə­dar AKTİ-nin yubileyi keçirilmiş, kənd təsərrüfatı is­tehsa­lının və elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilmişdir. Həmin dövrədək institut aqrar sahə üçün 3000 nəfərədək yüksək­ixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlamışdı. Məzunların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Onların arasında millətlərin nümayəndələri də var idi.

1979-cu il mayın 15-də İnstitu­tu­n yaradılmasının 50 illiyi ilə əlaqədar o illərdə Azərbaycanın rəhbəri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yüksək­ixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inki­şa­fında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli Fər­manı ilə “Şərəf nişanı” ordeni ilə təltif edildi. Bir qrup əməkdaşımız fəxri adlara və dövlət mükafatlarına layiq görüldü.

AKTİ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bu təhsil ocağı özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

Universitet sonuncu dəfə 2011-ci il iyulun 19-da “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiqi barədə 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarına uyğun olaraq ADAU 2012-ci ilin iyun ayında Təhsil Nazirliyinin Akkreditasiya Şurasında akkreditasiyadan keçmişdir.