Azərbaycan Dövlət Aqrar Unİversİtetİnİn (keçmİş AKTİ, AKTA) dİrektor və rektorları

Həm kənd təsərrüfatı fakültəsi, həm də sərbəst ali təhsil müəssisəsi kimi bütün fəaliyyəti dövründə cəmi 14 şəxs direktor və rektor qismində bu təhsil ocağına rəhbərlik etmişlər. İndiki rektor ADAU-nun sayca 15-ci rəhbəridir. Bununla yanaşı burada görkəmli akademiklər, professorlar, dosentlər və rektor vəzifəsini müvəqqəti icra edənlər çalışmışlar.

Dadaş Xoca oğlu Bünyadzadə

Azərbaycan SSR Xalq Torpaq Komissarı kimi 1929-cu ildə AKTİ-nin formalaşdığı ilk aylarda burada direktor işləmişdir. 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində anadan olmuş, ilk təhsilini kənd məktəbində (molla­xanada) almış, sonralar rus-tatar məktəbində təhsilini davam etdirmiş, 8 aylıq türk pedaqoji kursunu bitirmişdir. Çalışdığı yüksək vəzifələrdə sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı sahəsində xeyli əmək sərf etmiş, kənd təsərrüfatı,xüsusən, pambıqçılığın inkişafında xidmətlərinə görə Azərbaycanın və Zaqafqaziya SFSR - in“Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur.

1938-ci ildə repressiya olunmuş və güllələnmişdir.

İslam Məhəmməd oğlu Datıyev

İqtisad elmləri doktoru, professor kimi bu ali məktəbə təyin olunmuş 2-ci direktordur. 1895-ci ildə Osetiyada anadan olmuşdur. 1929-1932-ci illərdə instituta rəhbərlik etdiyi dövrdə həmçinin, kənd təsərrüfatı istehsalının təşkili kafedrasının müdiri, bitkiçilik kafedra­sının ilk müdiri olmuş, üzərinə düşən işləri lazımi qaydada həyata keçir­mişdir. Onun təşəbbüsü ilə meyvəçilik, subtropik və texniki bit­kilər, üzümçülük və şərabçılıq, meşəçilik və tərəvəzçilik, ipək­çilik, qoyunçuluq və südçülük şöbələri yaradılmış, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçü­rülmüşdür.

1965-ci ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

Hüseyn Məmməd oğlu Musayev

1932-1934-cü illərdə instituta 3-cü direktor kimi rəhbərlik etmişdir. 1889-cu ildə Şama­xıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Nax­çıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir. AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə Gən­cədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdiril­məsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçılik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanik­ləş­dirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiya olunmuş, 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır.

1956-cı ildə vəfat etmişdir.

1935-1936-cı illərdə İnstituta Əzim Asəf oğluDadaşov 4-cü, 1936-1937-ci illərdə Yusif Paşa oğlu Tahirov 5-ci direktor kimi rəhbərlik etmiş, hər ikisi 1937-1938-ci illərdə repressiya olun­muşdur. Təəssüf ki, barələrində digər məlumatlar yoxdur.

Möhsün Musa oğlu Poladov

İnstitutun 6-cı direktoru olmuşdur. 1905-ci ildə Qazaxda anadan olmuşdur. AKTİ-nin 1932-ci il məzunudur, aqronomluq-tarlaçılıq ix­ti­sa­sını bitirmişdir. 1938-1941 və 1953-1954-cü illərdə yenidən instituta rəhbərlik et­miş, 1941-ci il iyunun 23-də könüllü mühari­bə­yə getmiş, göstərdiyi xidmətlərə görə bir sıra orden və me­dallarla təltif edilmiş, cəbhədən qayıtdıqdan sonra kənd təsər­rüfatı naziri və bir neçə dövlət vəzifələrində çalış­mışdır.

1966-cı ildə vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olun­muşdur.

Soltan Abbas oğlu Mirzəyev

İnstitutun sayca 7-ci direktoru olmuşdur. 1909-cu ildə Bakının Nardaran kəndində anadan ol­muş­­dur. AKTİ-nin məzunudur. 1942-1944-cü il­­lərdə mü­ha­ribənin ağır dövlərində instituta rəh­­bərlik et­miş­dir. Moskvada K.A.Timiryazev adı­na Kənd Təsər­rüfatı Akademiyasında dis­ser­ta­siya müdafiə edərək respublikamızda ilk iq­ti­sad elmləri namizədi alimlik dərəcəsi alanlardan biridir. Sonra­lar iq­ti­sad elmləri doktoru elmi dərəcəsi və professor elmi adı almış­dır. 1950-1962-ci illərdə sovxozlar naziri, Azərbaycan KP MK-nın şöbə mü­diri, katibi, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrü­fatının İq­ti­sa­diyyatı və Təşkili İnstitutunun direktoru işlə­miş­dir. Azərbaycan SSR və SSRİ Ali Sovetinin deputatı seçil­miş­dir. Onun çoxsaylı el­mi məqalələri və kitablarında kənd təsərrüfatı istehsalının aktual prob­lemlərinin tədqiqi öz əksini tapmışdır.

1993-cü ildə vəfat etmişdir.

Bala Məmməd oğlu Ağayev

1944-1953-cü illərdə institutun sayca 8-ci direktoru vəzifəsində çalışmışdır. AKTİ-nin məzunudur. 1910-cu ildə Şuşada anadan olmuşdur, kənd təsərrüfatı elmləri doktoru, pro­­fes­sor, torpaqşünaslıq və meliorasiya üzrə görkəmli alim, Macarıstan Elmlər Akademi­yasının müxbir üzvü, Təbriz Universitetinin fəxri professoru seçilmişdir. Onun rəhbərliyi dövründə meşə təsərrüfatı fakültəsi yaradılmış, tələbə qəbulu planı və məzunların sayı əhə­miyyətli dərəcədə artmış, əvvəlki illərdən fərqli olaraq 1950-1953-cü illərdə kənd təsərrüfatına xeyli ali təhsilli mütəxəssis göndərilmişdir.

1989-cu ildə vəfat etmişdir.

Məmməd Əsəd oğlu Mehdiyev

1954-1962-ci illərdə direktor və rektor qismində institutun 9-cu rəhbəri olmuşdur. İrə­van Baytarlıq İnstitutunun məzunudur. 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş, sonralar AKTİ-də kafedra müdiri, fakültə dekanı işləmiş, baytarlıq elmləri doktoru, professor, Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Rektor işlədiyi dövrdə onun təşəbbüsü ilə hidromeliorasiya və iqtisadiyyat fakültələri açılmış, institutda əsaslı dəyişikliklər aparılmış, yeni laborato­riyalar alınmışdır. 1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnsititutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

1988-ci ildə vəfat etmişdir.

Niyaz Əli oğlu Səfərov

1962-1972-ci illərdə institutun 10-cu rektoru olmuşdur. AKTİ-nin məzunudur. 1926-cı ildə Gə­dəbəy rayonunda anadan olmuşdur, pam­bıqçılıq üzrə kənd təsərrüfatı elm­ləri namizədi, do­sent olmuş, işlədiyi dövr­də bir sıra tikinti-abad­lıq işləri aparılmış, kənd təsərrüfatının mexanikləşdiril­məsi korpusu, baytarlıq klini­ka­sı, tədris emalat­xanası, 4 tələbə yataqxanası in­şa edilmişdir. SSRİ Ali At­tes­tasiya Komis­siya­sının qərarı ilə ona yüksək elmi göstərici­lə­rinə görə professor elmi adı verilmişdir.

2009-cu ildə vəfat etmişdir.

Bəhman Bəhram oğlu Xəlilov

1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədəkbir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur. 2011-ci ildə vəfat etmişdir.

 

 

Məmmədtağı İbrahim oğlu Cəfərov

 

 

1983-1989-cu və 1995-2007-ci illərdə bu təhsil ocağının 12-ci rektoru vəzifəsində çalış­mışdır. AKTİ-nin məzunudur. 1936-cı ildə Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olmuşdur.Torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan MEA-nın akademiki, Azərbaycan Ziyalılar Cəmiy­yətinin Prezidenti olmuşdur. Rektor işlədiyi dövrlərdə tələbə qəbulu artırılmış, kompleksin tikintisi davam etdirilmiş, 1984-1989-cu illərdə tədris korpuslarında xeyli abadlıq işləri aparılmış, həmçinin YAP-ın təsisçilərindən biri kimi Gəncə şəhər təşkilatının yaradıcısı və ilk sədri olmuşdur. 2001-ci ilin aprel ayında AKTA, həmçinin M. Cəfərov Fransanın Sənayeyə Yardım Assosiasiyasının “Qızıl medal”ı ilə təltif olunmuşdur.

2007-ci ildə vəfat etmişdir.

Raul Abdulla oğlu Qədimov

1990-1995-ci illərdə institutun rektoru işləmişdir. AKTİ-nin məzunudur. 1939-cu ildə İrəvan şəhərində anadan olmuşdur, bu ali məktəbin sayca 13-cü rəhbəri olmuşdur. Bay­tarlıq elmləri doktoru, professor olmuş, Əmək­dar Elm Xadimi fəxri adına layiq görülmüş­dür. Baytarlıq elminə yeniliklər gətir­mişdir. Skryabin adına medalla təltif edilmişdir. Onun dövründə, 1991-ci ildə İnstitut Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlandırılmışdır.

2000-ci ildə vəfat etmişdir.

Mirdaməd Mirsadıq oğlu Sadıqov

İqtisad elmləri doktoru, professor bu elm və təh­sil məbədinin sayca 14-cü rəhbəri olub. Azər­baycan Xalq Təsərrüfatı İnstitutunun mə­zu­nudur. 1950-ci ildə İsmayıllı rayonunun La­hıç qəsəbəsində anadan olmuşdur. 2008-ci ilin no­yabrından 2013-cü il fevralın 14-dək ADAU-da rektor işləmişdir. Bu dövrdə universitetdə əsas­lı tikinti-quraşdırma və abadlıq işləri həyata keçirilmiş, uni­ver­si­tetin beynəlxalq əlaqələri genişlənmiş, universitet Təhsil Nazir­liyi­nin akkreditasiyasından keçmişdir. 2011-ci ildə Avropa Rek­tor­lar Şurasının Assambleyasının qərarı ilə ADAU islahatçı universitet ki­mi tanınmış və “Elm və təhsildə nailiyyətlərə görə Qızıl Medal”la təltif edilmişdir. “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Republikası Prezidentinin 14 fevral 2013-cü il tarixli sərəncamı ilə İsmayıllı Rayonu İcra Hakimiy­yə­ti­nin başçısı vəzifəsinə təyin olunmuşdur.

İbrahim Həsən oğlu Cəfərov

Universitetin sayca 15-ci rektorudur. 1956-сı ildə Naxçıvan MR-nın Şərur rayo­nunda ana­dan olmuşdur. 1985-ci ildə ADAU-nun “bitki mü­­hafizəsi” ixtisasını fərqlənmə diplomu ilə bi­tir­miş, Lenin təqaüdü ilə təhsil almışdır. 1988-ci ildə Moskvada K.A.Timir­ya­zev adına Kənd Tə­sər­rüfatı Akademiyasında əyani aspiran­tu­ranı bitir­dik­dən sonra ADAU-da assistent, dosent, kafedra müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor, 2000-2013-cü illərdə 38 say­lı Nizami ikinci (Gəncə) DSK-nın sədri vəzifələrində çalışmış­dır. 1989-cu ildə kənd təsərrüfatı elmləri namizədi, 1994-cü ildə dosent, 2006-cı ildə kənd təsərrüfatı elmləri doktoru, 2011-ci ildə professor elmi dərəcələri və elmi adları almışdır. 2013-cü il fevralın 18-dən rektor əvəzi, Azərbaycan Republikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərən­camı ilə Universitetə rektor təyin edilmişdir. Rektor qismində fəaliyyəti dövründə abad­lıq, tikinti-quraşdırma və yaşıllaşdırma işləri davam etdiril­miş, tədris və əmək intizamının möhkəmləndirilməsində tələbə, müəl­lim, tədris köməkçi heyətin məsuliyyət hissi artırılmış, im­tahan sessiyaları kompyuterlər vasitəsi ilə test formasında qəbul edilmiş, tələbə-müəllim münasibətlərində şəffaflıq yaradılmışdır.

2014-cü ilin iyun ayında Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.