Krasnoyarsk Dövlət Aqrar Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edib

Rusiyanın ən qədim elm məbədlərindən biri də Sibirdə yerləşən universitetlər, inistitutlar və Rusiya Elmlər Akademiyasının Novosibirsk bölməsidir. Bu gün Azərbaycanda və eləcə də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlərin sorağı uzaq Sibirə də çatmışdır.  Təsadüfi deyildir ki, məhz Sibir regionunda yerləşən Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı ADAU ilə əməkdaşlıq əlaqələrinin qurulmasını zərurət duyaraq, 25 sentyabr 2017-ci il tarixində ADAU-ya səfər ediblər. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitetin tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet  istiqamətləri barədə danışıb. Səmimi qəbula görə dərin təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Krasnoyarsk Dövlət Aqrar Universitetinin  rektoru, professor Natalya İvanovna Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərini müzakirə edib, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.

Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra qonaqlar universitetin tədris korpsularında tədris və elmi-tədqiqat bazası, tələbə evində yaradılan şəraitlə yaxından tanış olublar.