Aparılan islahatların böyük səmərəsinə inanırıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən bütün sahələr üzrə həyata keçirilən islahatlar ictimaiyyət tərəfindən çox ciddi qarşılanır, xalqla hakimiyyətin birliyinin sarsılmazlığını təsdiq edir. Ən əsası isə 2018-ci ildə başlayan və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldı. İslahatlar 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.

Xalq bir də ölkədə baş verən məmur özbaşınalığına qarşı aparılan qətiyyətli mübarizəni, qanunla  nəzərdə tutulan ciddi cəzaları, eləcə də korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsini və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasını görəndə ürəkli olur və hər şeyin nəzarətdə olduğuna inanır.  Bu sahədə əldə edilən  uğurlar dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönələn neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilən açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunan həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi artıq zərurətə çevrilib. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi indi hər kəs tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli, Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət  məsuliyyətinə cəlb olunaraq həbs edilməsi bizcə qətiyyətin bariz nümunəsidir.

Biz Azərbaycan Dövlət Aqrar Universitetinin çoxsaylı kollektivi olaraq Dövlət başçısı tərəfində atılan bu cəsarətli addımları alqışlayırıq və hər an ölkə başçısının yanında olacağımızı bildiririk.  Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən cənab prezident ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətmədiyini göstərdi. Qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində çox haqqlı olaraq həbs qəti imkan tədbiri seçilmişdir.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının,  teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır.  Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi də mütləq idi.

Böyük bir ziyalı kollektivi olaraq bir daha bildiririk ki, bütün gücü ilə xalqın yanında olan ölkə başçısının hər addımını yüksək qiymətləndiririk, aparılan islahatların dünya miqyasında ölkəyə böyük imic gətirəcəyinə inanırıq.