48 yaşlı abituriyent ADAU-da əyani təhsili seçib

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının yenidən qurulması, burada müasir elmi-tədqiqat və tədris laboratoriyalarının və mərkəzlərinin mərkəzlərinin yaradılması, tələbə evinin istifadəyə verilməsi,  kənd təsərrüfatı ixtisasları üzrə tələbə qəbulunun yalnız dövlət sifarişi əsasında aparılması və digər tədbirlər özünü universitetə  qəbul olan tələbələrin sayında və coğrafiyasında, habelə onların yaşında özünü göstərir.

2017/2018-ci tədris ilində universitə qəbul olan tələbələrdən biri 48 yaşlı Qazıyev Əfsəl Seyfəl oğludur. O, 01 noyabr 1969-cu il tarixində Quba rayonunun Əsparəsti kəndində anadan olmuş, hazırda həmin rayonun Zərqava kəndində yaşayır. Ə.Qazıyevin kənd təsərrüfatı ixtisasları üzrə təhsil almağa uşaq yaşlarından böyük maraq göstərmişdir. Belə ki o, 1985-ci ildə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin “Şərəf Nişanı” ordenli Quba sovxoz texnikumuna daxil olmuş, hərbi xidməti başa vurduqdan sonra 1989-cu ildə həmin texnikumu “meyvə-tərəvəzçilik” ixtisası üzrə bitirmişdir.

Ölkədə kənd təsərrüfatına dövlət qayğısını, bu sahədə böyük perspektivləri nəzərə alan Əfsəl Qazıyev Dövlət İmtahan Mərkəzinin  2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirdiyi test imtahanında iştirak edərək ADAU-nun tələbəsi adını qazanmış, aqronomluq fakültəsi əyani təhsil forması “ekologiya” ixtisasına qəbul olmuşdur. Yalnız dövlət sifarişli ixtisaslardan biri olan bu ixtisasda təhsil alan tələbələr təhsil haqqından azad olmaqla yanaşı aylıq təqaüdlə təmin olunurlar.

4 övlad atası və böyük oğlu hərbi xidmətdə olan Ə.Qazıyev universitetin tələbə evində yaşayış yeri ilə təmin olunub.