ADAU-nun rektoru İ. Cəfərovun 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar müraciəti

ADAU-nun rektoru İ. Cəfərovun 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar müraciəti


Əziz tələbələr, valideynlər, professor-müəllim heyəti, KİV nümayəndələri!

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də imtahanlar başlayır. Müvafiq əmrə əsasən universitetdə bütün hazırlıq işləri aparılmış, tədris işləri üzrə prorektor Anar Hətəmovun rəhbərliyi altında imtahan qərargahı yaradılmış, imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Bolonya prosesinə uyğun olaraq imtahanlar test, yazılı və şifahi üsullar ilə götürüləcəkdir, bununla bağlı tələbələrə bütün məlumatlar və imtahan sualları əvvəlcədən verilmişdir. 05 yanvar 2022-ci il tarixindən başlayaraq 01 fevral 2022-ci il tarixinədək imtahan proseslərini izləmək olar. Üzümü bütün maraqlı tərəflərə, tələbə valideynlərinə, təhsil ekspertlərinə, KİV nümayəndələri, nəhayət istənilən vətəndaşa tutaraq deyirəm ki, bu müddətdə bizim qapılar hər kəs üçün açıqdır, buyurun, gəlin və istədiyiniz qrupun imtahan prosesində iştirak edin. Pandemiya ilə bağlı bütün qaydalara əməl etməklə proses hər kəs üçün açıqdır. Sonda tələbələrimə uğurlar arzu edirəm, imtahan bilik yarışması, öyrəndiklərini nümayiş etdirmək üçün bir meydandır.

Buyurun, bir daha hər kəsə uğurlar!