31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№182


Gəncə şəhəri
16.03.2022 il


31 Mart - Azərbaycanlıların soyqırımı
Gününə həsr olunmuş tədbirlər barədə


19-cu əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən düşünülmüş şəkildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə ailə evindən-obasından didərgin düşmüşdür. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixində ən qanlı səhifələrindən biri hesab etmək olar.

1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş vəhşiliklər etmişlər.

Bu soyqırım əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət Müstəqilliyinə qovuşduqdan sonra almışdır. Ümummilli lider Heydər Əliyevin Mart hadisələrinin 80-ci ildönümü ərəfəsində - 26 Mart 1998-ci il tarixli Fərmanı erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir.

Soyqırım qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, universitetin bütün fakültələrində 2022-ci il martın 30-31-də ilk dərs saatları Azərbaycanlıların soyqırımına həsr edilsin.

2. Fakültə dekanlarına tapşırılsın ki, İctimai təşkilatlarla birlikdə Azərbaycan Dövlət Aqrar Universitetinin professor - müəllim heyətinin Gəncənin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin.

3. Fakültə dekanlarına tapşırılsın ki, İctimai təşkilatlarla birlikdə 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbirlərinin keçirilməsini təmin etsinlər.

4. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

5. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

6. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor
İbrahim Cəfərov