ADAU-da biznes inkubatorunun yaradılması və gənc fermer layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb

Elmi araşdırmaların nəticələrinin istehsala tətbiqinin əhəmiyyətinin günü-gündən artdığı müasir  şəraitdə ali təhsil müəssisələrinin nəzdində texnoparklar, biznes inkubatorlar, texnologiya transferi ofisləri və başqa bu kimi struktur vahidləri yaradılır.

Azərbaycanda yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-da  müasir çağırışlara uyğun gedən sürətlə yenilənmə prosesi çərçivəsində biznes inkubatorunun qurulması istiqamətində müvafiq addımlar atılmaqdadır.  Bu məqsədlə texnoparkların və biznes inkubatorlarının yaradılması üzrə mütəxəssis dosent İsa Qasımovun iştirakı ilə universitetdə müxtəlif müzakirələr aparılmışdır. Belə ki, 2017-ci ilin 24-27 yanvar tarixlərində müxtəlif fakültələrdə “Biznes inkubatoru”nun yaradılması və “Gənc fermer” layihələrinin həyata keçirilməsi, universitet-sənaye əməkdaşlığının səmərəli təşkil edilməsi üçün müvafiq strukturun formalaşdırılması məsələləri müzakirə olunmuşdur.

Müzakirələrdə universitetin tədris  işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektor Nizami Seyidəliyev, elm şöbəsinin müdiri Abbas İsmayilov, Magistr hazırlığı mərkəzinin direktoru Aydın İsayev,Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Mustafayev, Tələbə Elmi Cəmiyyətinin sədri Fərrux Rəhimov, müəllimlər və gənc tədqiqatçılar iştirak etmişlər.

Dosent İsa Qasımov  ADAU-nun yeni yataqxana kompleksində tələbələrlə və Magistr hazırlığı mərkəzində ikinci kurs magistrantlarla da müxtəlif görüşlər keçirmişdir.