Gəncə Marafonu – 2017

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu – 2017” keçiriləcək. Fonddan verilən məlumata görə, Azərbaycanın qədim tarixə sahib Gəncə - “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.

“Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fizikişəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etməyəcəklər.

“Gəncə Marafonu – 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.

Kişi və qadın kateqoriyalarının hər birində:

1-ci yer-3 000 AZN

2-ci yer-2000 AZN

3-cü yer 1 000 AZN 

Bundan başqa, qaliblər hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

“Gəncə Marafonu–2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat avqustun 14-dən sentyabrın 17-dək Azərbaycan Dövlət Aqrar Universitetinin İnzibati binasında aparılır.

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450

Əlaqələndirici şəxs: Valeh Əsədov

Tel: 070-286-21-11

E-mail: office@adau.edu.az