"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı" 3-cü Beynəlxalq yay məktəbi

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


“AZƏRBAYCANIN İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİNİN AQRAR POTENSİALI”
MÖVZUSUNDA 3-CÜ BEYNƏLXALQ YAY MƏKTƏBİ


2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsinə həsr olunur


2020-ci ildə 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazilərin erməni işğalından azad olunması regionda sülh, sabitlik və sosial-iqtisadi tərəqqiyə, o cümlədən uzun illər ərzində talan edilmiş aqrar potensialın bərpa edilməsinə şərait yaratdı.

Hazırda azad olunmuş ərazilərin bərpası istiqamətində aparılan işlər, yeni infrastruktur layihələrin icrası ilə bərabər aqrar sahənin potensialının bərpa olunması, Yaşıl Enerji Zonaları elan edilmiş ərazilərin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülməkdədir.

Ölkənin yeganə ali aqrar təhsil müəssisəsi olan, ikinci böyük şəhəri Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əvvəlki illərdə keçirilmiş beynəlxalq yay məktəblərinin ölkənin aqrar potensialının təbliğində rolunu və 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsini nəzərə alaraq 2022-ci ilin 17-27 iyul tarixlərində “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı” mövzusunda 3-cü Beynəlxalq yay məktəbi keçiriləcəkdir.

Məktəbin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrini təmsil edən tələbələrini bir araya gətirməklə, onları işğaldan azad olunmuş ərazilərə dəyən zərərlər və burada aqrar potensialın bərpası istiqamətində görülən işlərlə yaxından tanış etməkdir.

Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, “Aqroturizm”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafı, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi, mədəniyyəti, burada aparılan abadlıq-quruculuq işlərinə dair mühazirələr dinləniləcəkdir.

Proqram çərçivəsində iştirakçıların respublikanın müxtəlif bölgələrinə, işğaldan azad olunmuş ərazilərdə aqrar layihələrin icra olunduğu yerlərlə, habelə Şuşa şəhərinə səfərləri təşkil olunacaqdır.

Müraciət üçün CV (ingilis dilində), motivasiya məktubu (ingilis dilində), tələbə bileti və təhsil müəssisəsinin tövsiyə məktubu shusha@adau.edu.az elektron poçt ünvanına göndərilməldir.

Müraciət üçün son tarix: 31 may 2022-ci il

Müraciətlərin qiymətləndirilməsi: 01-10 iyun 2022-ci il

İştirakçılar: Bakalavriat səviyyəsində təhsil alan tələbələr

Yaşayış və qidalanma: İştirakçıların yaşayış və qidalanması ödənişsizdir

Əlaqə: Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti
(+99422) 266 07 26 shusha@adau.edu.az; www.adau.edu.az

2018 və 2019-cu illərdə keçirilmiş beynəlxalq yay məktəbləri ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar.
http://adau.edu.az/beynelxalq_yay_mektebi/beynelxalq-yay-mektebi-217/

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı" 3-cü Beynəlxalq yay məktəbi