20 yanvar faciəsinin 27-ci ildönümünün qeyd edilməsi barədə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik R.Mehdiyevin  Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Sərəncamda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

20 yanvar  faciəsinin  27-ci  ildönümünün  universitetdə  qeyd  edilməsi  məqsədilə

                                                                                         ƏMR EDİRƏM:

1. 20 yanvar - Ümumxalq hüzn gününün qeyd edilməsi ilə bağlı 2017-ci il yanvarın 18-də inzibati binada geniş tərkibdə iclas keçirilsin.

2. Yanvarın 20-də inzibati binada, tədris korpuslarında hüzn əlaməti olaraq dövlət bayraqları endirilsin,1200-da bütün universitet ərazisində şəhidlər bir dəqiqəlik  sükutla yad edilsin.

3. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə 2017-ci il yanvarın 19-da 20 yanvar faciəsinə həsr olunmuş “Dəyirmi masa”lar keçirsinlər, faciəni əks etdirən qısa filmlərin nümayişini təmin etsinlər.

4. 2017-ci il  yanvarın 16-da Universitetin kino-klubunda tarixində “20 yanvar” faciəsini əks etdirən film nümayiş etdirilsin, nümayişdə professor- müəllim heyəti və tələbələrin iştirakı təmin edilsin.

5. Əmr  “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

6. “20 yanvar” Ümumxalq hüzn günü ilə bağlı keçirilmiş tədbirlər ADAU-nun www.adau.edu.az saytında  yerləşdirilsin.

7. Ümumi şöbə (S.Məmmədova) əmrin çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

 ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.