YAP dünənin, bugünün, gələcəyin partiyasıdır

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir Dövlət himni ilə başlayıb.

Tədbiri giriş sözü ilə Universitetimizin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov açıb, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş və ətraflı məlumat verib. Professor deyib ki, tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

Kafedranın baş müəllimi Samirə Qasımova və müəllimi Çinarə Səfərova   bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən və 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının şərəfli tarixi barədə məruzə edib. Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, partiyanın cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirdiyini faktlarla təhlil ediblər.

Tələbələrdən Şirinli Könül, Səmədov Samir və Kərimova Səma və başqaları bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinə, onların təhsilinə, aparıcı işlərlə təmin olmasına xüsusi diqqət yetirilib və bu siyasət indi də uğurla davam etdirilir.

Təntənəli tədbiri Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yekunlaşdırıb və xüsusi vurğulayıb ki, 27 il əvvəl ölkənin siyasi həyatında çox mühüm rola malik Yeni Azərbaycan Partiyası yaradılıb və doğrudan da millətin, Vətənin sabahı naminə dəyərli işlərlə imza atıb. Rektor yaxın 27 ilin ən unudulmaz məqamlarından söz açıb, hakim partiyanın real zərurətdən yaranmasını diqqətə çatdırıb.