Rektor İbrahim Cəfərov beynəlxalq yay məktəbində mühazirə söyləyib

2018-ci ilin 16-28 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı İnkişaf Hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları üçün ilk mühazirə “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda olub. Mühazirəni universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov aparıb. Rektor qeyd edib ki, 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyinin əsas hədəflərindən biri aclığın aradan qaldırılması, ərzaq təhlükəsizliyinə və normal qidalanmaya nail olunması, davamlı kənd təsərrüfatının təşviq edilməsidir. Bildirilib ki, bitkilərin xəstəlik və zərərvericiləri 30-32 faizinin, məhsulun saxlanma prosesində 10-12 faizinin yararsız hala düşməsinə səbəb olur. 

Mühazirədə kartofda fitaftoroz və xərçəng, üzümdə mildium xəstələyi, buğdanın xəstəlik törədiciləri, bütövlükdə xəstəlik və zərərvericilərin ərzaq təhlükəsizliyinə təsiri, bitki mühafizəsində müasir idarəetmə metodları barədə geniş məlumatlar verilib. Mühazirənin interaktivlik dərəcəsi yüksək olmaqla, burada tələbələrin suallarına ətraflı cavab verilib.

Mühazirənin sonra tələbələr aqronomluq fakültəsinin laboratoriyaları, bitki klinikası ilə tanış olublar.

Qeyd edək ki, ADAU-da keçirilən 1-ci Beynəlxalq Yay Məktəbində Azərbaycan, Belarus, Çexiya, Çin, Gürcüstan, İran, Özbəkistan, Polşa, Qazaxıstan, Rusiya, Türkiyədən 34 tələbə iştirak edir.