Əməkdaşımız Qazaxıstanda keçirilən simpoziumda iştirak edib

Qazaxıstan Respublikasının Türküstan şəhəri TÜRKSOY tərəfindən 2017-ci il  “Türk Dünyası mədəniyyət paytaxtı” seçilməsi və UNESKO tərəfindən 2016-cı ilin “Xoca Əhməd Yəsəvi” ili elan edilməsi ilə əlaqədar Beynəlxalq İctimai Elmlər Simpoziumu III Türküstan forumu təşkil edilib. 26-28 aprel 2017-ci il tarixlərində baş tutan simpoziumda iştirak etmək üçün menecment və aqrar marketinq kafedrasının əməkdaşı, universitet Tələbə Elmi Cəmiyyətinin sədri Fərrux Rəhimov Əhməd Yəsəvi universitetinə  ezam edilib. F.Rəhimov  “İqtisadi inkişaf vasitəsi olaraq universitet-sənaye əməkdaşlığı və Azərbaycanda mövcud vəziyyət” mövzusunda çıxış edib. Məruzəçi “Aqrar sahənin inkişafında texnoparklardan istifadənin səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda yerinə yetirdiyi dissertasiya işinin bir hissəsi olaraq ali təhsil müəssisələri ilə sənayenin əməkdaşlığının önəmini vurğulayıb, bu barədə mövcud nəzəriyyələri və müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın təcrübələrini dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycanda adı çəkilən istiqamətdə müxtəlif universitetlərdə görülən işləri sadalayan müəllif Azərbaycan Dövlət Aqrar Universitetində də “Aqrobiznes inkubatoru”nun qurulması istiqamətində həyata keçirilən işlər barəsində məlumat verib. Maraqlı müzakirə və sual-cavab şəklində keçən iki günlük simpoziumdan sonra Türküstan şəhərinin mühüm tarixi-mədəni yerlərinə gəzinti turu və musiqili-əyləncəli təşkil edilib.