“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Aqrar Universitetin rektoru ilə görüşüb

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt  Azərbaycan Dövlət Aqrar Universitetində olub.

Elizabet Vayt  təhsil müəssisənin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Rektor İbrahim Cəfərov qonağa Universitetin yaranma tarixi, inkişaf mərhələləri, mövcud durum, maddi texniki baza, fakültələr, ixtisaslar, yeni yaradılan tədris-təcrübə mərkəzləri, klinikalar, tələbə evi kompleksləri barədə ətraflı məlumat verib. Rektor görüşdə xüsusi vurğulayıb ki, bu gün Universitetin beyxəlxalq səviyyədə tanınması üçün də ciddi işlər görülür. Ən əsası ingilis dilinin tədrisinə və bu dildə qrupların yaradılmasına xüsusi önəm verilir. Artıq Aqrar iqtisadiyyat fakültəsində belə bir qrup var və biz bu qrupları Aqranomluq və Baytarlıq fakültələrində də yaratmağı qərara almışıq.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt  isə səmimi qəbul və ətraflı məlumat üçün rektor İbrahim Cəfərova  minnətdarlığını bildirib və deyib ki, sizin universitetlə əməkdaşlıq bizim üçün maraqlıdır və bunun davamlı olması üçün əlaqələrimizi gücləndirmək vacibdir. Ən önəmlisi siz ingilis dilinin vacibliyini qiymətləndrirsiniz və bu istiqamətdə davamlı işlə aparırsınız.

Görüşdə həmçinin qərara alınıb ki, dilin daha mükəmməl öyrədilməsi üçün Aqrar Universitedə təlim mərkəzi yaradılsın. Həm müəllimlər, həm də tələbələr bu mərkəzdən dil biliklərini artırmaq üçün istifadə etsinlər.

Görüşdə“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin imtahan üzrə meneceri Nərgiz Əkbərova bu günə qədər olan əməkdaşlığın nəticələrindən danışıb, dillə bağlı imtahanlarda universitet müəllimlərinin fəallığını vurğulayıb.

Görüşdən sonra Elizabet Vayt  təhsil müəssisəsi ilə ətraflı tanış olub, yeni Tələbə Evinin akt zalında universitetdə ingilis dilində tədris aparan müəllimlər və ingilis dilində təhsil alan tələbələrlə görüşüb.