Azərbaycan və gürcü alimləri Azərbaycan Dövlət Aqrar Universitetində subtropik meyvələri araşdirib

Subtropik bitkilərin yetişdirilməsinə elmi yanaşma və praktiki mübadilə indi daha mühüm əhəmiyyət kəsb edir.  Gəncədə, Aqrar Universitetdə bir araya gələn azərbaycan və gürcü alimləri Azərbaycanda və Gürcüstanda yetişdirilən subtropik meyvələrin ərsəyə gəlməsindəki fərqlilikləri araşdırıb.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki,  araşdırma Dövlət Aqrar Universitetinin istixanalarında aparılıb.  Bitkiçi alimlər yerli və xaricdən gətirilən subtropik, eləcə də ərazi üçün spesifik olmayan bitkilərin yetişdirilməsi ilə tanış olub, xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıb və onların  rayonlaşdırılması istiqamətində görülən işləri müzakirə ediblər. Gürcüstanlı mütəxəssislər gətirdikləri bir neçə növ limon tinglərini universitetin istixanalarında əkiblər.  Gürcüstanlı alimlər eləcə də balıqçılıq və quşçuluq laboratoriyalarında elmi və praktiki təcrübələrin aparılması üçün yaradılan şəraitlə tanış olublar.

Gürcüstan Dövlət Universitetinin subtropik təsərrüfat fakültəsinin professoru Aleksandr Mikeladze deyib ki, bizim məqsədimiz hər iki ölkənin aqrar sahəsində çalışan mütəxəssislərin fəaliyyətini yaxınlaşdırmaq, elcə də bitkiçilik və meyvəçilik sahəsində aparılan təcrübələri bölüşməkdir. Bu ali təhsil ocağında tələbələrin və elmi işçilərin öyrənməsi üçün müxtəlif sahələr üzrə hər cür şərait yaradılıb. Gətirdiyimiz limon tinglərini də əkdik ki, tələbələr dərs keçən zaman bu ağac üzərində təcrübə aparıb subtropik meyvələrdən olan limon haqqında dərin məlumatlara sahib olsunlar.

ADAU-nun professoru Zaur  Həsənov isə bildirib ki,  mən Gürcüstanla uzun illərdir sıx əlaqədəyəm.  Elmi şuralarda iştirak etmişəm,  həm də disertasiya işlərimin hamısı orda müdafiə olunub və onlarla birlikdə bizim rus dilində  2 kitabımız çap edilib. İndi gürcüstanlı alimlərdən 4 nəfəri burdadır. Bizim əsas məqsədimiz qarşılıqlı təcrübə mübadiləsidir. Biz rektor İbrahim Cəfərovla və digər müəllimlərlə birlikdə Kutaisidə olmuşuq,  onlarla təcrübə mübasiləsi aparmışıq. İndi qarşılıqlı olaraq gürcü dostlarımız gəlib və onlar Aqrar Universitetdə yaradılan şəraitdən çox razı qalıblar.                         

Gürcü alimləri Aqrar Universitetin istixanalarında subtropik meyvə tinglərinin əkilməsini və təhsil müəssisəsi ilə tanışlığı  davam etdirir.