ADAU və “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi Universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar.

Tərəflər arasında imzalanan memorandum birgə proqramların təşkili, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin realizasiyası,  statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Tələbələrin praktitki təlimlərə, tədris təcrübəsinə cəlb edilməsi, onlarda bu sahəyə maraq oyadılması, onların mütəxəssis kimi yetişdirilməsi baxımından əhəmiyyət daşıyan sənəd  kənd təsərrüfatı üzrə  peşəkar kadrların hazırlanması baxımından əhəmiyyətli rola malikdir. 

ADAU ilə Korporasiya arasında təməli qoyulan bu əməkdaşlıq tələbələrin  nəzəri biliklərdən əlavə həm də təcrübə qazanmaq, aid olduqları sahə üzrə peşəkar, yüksək ixtisaslı kadr kimi yetişməsində, onların gələcək inkişafında vacib mərhələ sayıla bilər.