ADAU-nun tələbə evində Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  Aqrar İnkişaf Könüllüləri (AİK) ilə görüş keçirilib. Görüşdə təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Anar Hətəmov və Aqrar İnkişaf Könüllüləri təşkilatının sədri Sarvan Cəbrayılzadə iştirak edib.

Anar Hətəmov görüş zamanı bildirib ki,  Aqrar İnkişaf Könüllüləri hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır. Bu hərəkat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunub və dəstəklənir.

Aqrar İnkişaf Könüllüləri təşkilatının sədri Sarvan Cəbrayılzadə bu görüşdə tələbələri dinləmək istədiyini vurğulayıb və əlavə edib ki, məqsədimiz aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir. Aqrar İnkişaf Könüllüləri olaraq baxışımız müasirliyi və ənənəvi dəyərləri əsas tutan, aqrar sahənin hərtərəfli inkşafında rolu olan zəhmətkeş və yaradıcı düşüncəyə sahib insanların cəmiyyətdə aktiv iştirakını artırmaqdır. Aqrar İnkişaf Könüllüləri təşkilatı yarandığı qısa vaxtda 9 layihə həyata keçirib və 40 regionda fəaliyyət göstərir. Bu gün könüllülərin sayı 1950 nəfərdən çoxdur. Hədəfimiz bu sayı 10 min nəfərə çatdırmaqdır.

Çıxış edən tələbələr maraqlı təkliflər səsləndirib, bitkiçilik, heyvandarlıq, İnnovativ texnologiyaların tətbiqi və digər sahələrdə  təcrübə toplamada iştirakın əhəmiyyətini qeyd ediblər, bu cür işlərin daha böyük səmərə verəcəyinə əminliklərini bildiriblər.