ADAU-nun sığorta şirkətləri ilə əlaqəsi güclənir

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ASC “Standart Insurance” Sığorta şirkəti və digər sığorta şirkətləri arasında əməkdaşlıq əlaqələri güclənir.

Azərbaycan Dövlət Aqrar Universitetində təlim-tədris prosesinin və elmi araşdırmaların müasir dövrün tələblərinə uyğun təşkili ilə bağlı sıra silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də yeni nəsil universitetlər üçün xarakterik olan özəl sektorla birbaşa əlaqələrin qurulması və bunun hesabına universitetdə aparılan elmi tədqiqatların və tədrisin keyfiyyətinin artırılmasıdır. Bu istiqamətdə atılan mühüm addımlardan biri də ölkədə ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılan agentliyin işçi qrupunun formalaşdırılmasıdır. Bununla bağlı artıq ASC “Standard Insurance” Sığorta Şirkəti ilə əməkdaşlıq haqqında razılaşma memorandumu bağlanılıb və universitetin nəzdində Sığorta Agentliyi MMC yaradılıb.

Yarandığı gündən etibarən tələbələr Agentlik vasitəsilə sığorta şirkətinin məhsulları barədə sığorta müştərilərini məlumatlandıraraq şirkətin satışına mühim tövhə vermişlər. Mütəmadi olaraq ASC “Standard Insurance” şirkətinin nümayəndələri universitetdə tələbələrə təlimlər keçirlər. Yaradılmış bu qarşılıqlı əməkdaşlığın diapazonun genişlənməsi üçün Azərbaycan  Dövlət Aqrar Universitetində 24 oktyabr 2019-cu il tarixində  ASC “Standard Insurance” Sığorta Şirkəti, Paşa Həyat Yığım Sığortası, AzSığorta şirkəti, Atəşgah Sığortanın Gəncə filialı, Günay Sığorta ASC Gəncə Filialının nümayəndələrinin tələbələrlə birgə görüşü keçirilmişdir.

Görüşdə, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru dosent Anar Hətəmov, Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhərrəm Hüseynov, ASC “Standard Insurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov, həmin şirkətin Gəncə nümayəndəliyinin direktoru Firuz Əliyev, AzSığorta şirkətinin satış rəhbəri Anar Əliyev, Paşa Həyat sığortanın Baş müştəri meneceri Samir İsgəndərov, Günay Sığorta ASC nümayəndəliyinin rəhbəri Tural Bayramov, Atəşgah Sığorta Gəncə filialının müdiri Zaur Qurbanov iştirak edərək sığorta şirkətlərinin məhsulları barədə məlumat vermiş və gələcəkdə yaradılmış sığorta agentliyinin fəaliyyət dairəsinin genişlənməsi istiqamətində həmin sığorta şirkətlərinin də cəlb olunacaqlarını vurğulamışlar.

 Ümumilikdə tədbirdə 80-dən artıq tələbə iştirak edərək onları maraqlandıran suallar sığorta şirkətlərinin nümayəndələri tərəfindən cavablandırılmışdır.

Sonda professor Məhərrəm Hüseynov tələbələrə sığorta fəaliyyətində göstərəcəkləri xidmətlərdə uğurlar arzulayıb.

Yeni yaradılmış, universitet iş dünyası əməkdaşlığının bariz nümunələrindən biri Sığorta Agentliyi MMC-də ilkin olaraq 40-a qədər tələbə agent olaraq fəaliyyət göstərir və gələcəkdə həm tələbələrin həm də göstərilən xidmətlərin sayının artırılacağı ehtimal olunur.