ADAU-da subsidiyalarla bağlı təlim qrupunun üzvləri ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil müəssisəsinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ), həmçinin Gəncə və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin ( RAEİM) 10 nəfərdən ibarət əlavə təlim qrupunun üzvləri ilə görüş keçirilib.

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanının əhəmiyyətindən, bu sahədə maarifləndirmə işlərinin təşkilindən universitetin və digər qurumların rolundan danışıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov və  Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva  kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydalarının kənd təsərrüfatı istehsalçılarına izahının, bütövlükdə təlimlərin təşkilinin metodikası barədə ətraflı məlumat veriblər. Görüşdə təlimçilərin nümunəvi təqdimatları dinlənilib, suallar cavablandırılıb, habelə rayonlar üzrə təlimlərin qrafiki müzakirə olunaraq təsdiq edilmişdir.