ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət  Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Dövlət  Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, bu gün ADAU-nun beynəlxalq əlaqələri kifayət qədər genişlənib. Universitetdə yaradılan şəraitdən, tələbələrin ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən söz açan rektor qeyd edib ki, bu gün əcnəbi tələbələrdə də Azərbaycan dilinə maraq yüksək səviyyədədir.

Sonra universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxışında ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğunu bildirib.

Beynəlxalq əlaqələr şöbəsinin müdir səlahiyyətlərini icra edən Zümrüd Hənifəyeva qeyd edib ki, əcnəbi tələbələrin həm dil biliklərinin yaxşılaşdırılması həmdə mühitə adaptasiya olmaları üçün mütəmadi kurslar və görüşlər təşkil edilir.

Universitetdə təhsil alan Konqo Demokratik Respublikasından Zeqbali Azeabli Novis, Mopeseka Elizabet Motali, Malaziyadan Muhammed Hazik Reyhan, Somalidən Abdulaziz İbrahim Aden Azərbaycan dilində çıxış edərək öz dil biliklərini nümayiş etdiriblər.

Daha sonra Abdurrahman Karakaş Türkiyə Cumhuriyyətindən gələn və ümumilikdə əcnəbi tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün ADAU-da Türkiyə, Rusiya, İran, Malaziya, Konqo, Gürcüstan, Somali, Lesoto kimi dünyanın müxtəlif ölkələrindən ümumilikdə 100-ə dək əcnəbi tələbə təhsil alır.