ADAU ailəsi növbəti tədris ilinə böyük həvəslə hazırlaşır

2018/2019-cü tədris ilinə hazırlıq məqsədilə Azərbaycan Dövlət Aqrar Uniiversitetinin (ADAU) bütün tədris korpuslarında quruculuq və abadlıq işləri həyata keçirilir. Tədris binalarında cari təmir işləri aparılır, çatışmazlıqlar aradan qaldırılır, ağaclar suvarılır, yeni yaşıllıqlar salınır. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində auditoriyaların cari təmiri, stol və stulların yeniləri ilə əvəz olunması, heyvandarlıq kompleksinin ətrafında təmizlik və yem tədarükünün aparılması işləri uğurla yerinə yetirilir. Aqronomluq fakültəsinin həyətində təmizlik, abadlıq, auditoriyalarda cari təmir işləri, istixanada müasir üsulla əkinin aparılması həyata keçirilir. Aqrotexnologiya fakültəsinin həyətində tələbələr üçün yeni parkın salınması, döşəmələrin yenilənməsi, divarların rənglənməsi, elektrik naqillərinin əvəzlənməsi kimi böyük zövqlə görülən işlər diqqəti xüsusilə cəlb edir. Gəncə şəhərində ən böyük binalardan olan mühəndislik tədris korpusunda auditoriyalarda, laboratoriyalarda, əsaslı kitabxanada cari ehtiyaclar müəyyən edilərək ödənilir, maşın-tarktor parkına əlavə yeni talvarın quraşdırılması işi uğurla davam etdirilir. İqtisadiyyat korpusunda da eyni vəziyyət müşahidə olunur. Burada  fasadlar, skamyalar rənglənir, yaşıllıqlar suvarılır, elektron lövhələrin, kompyuterlərin işlək vəziyyətdə olması yoxlanılır.

Ümumiyyətlə, hər bir tədris ilinə yeniliklərlə başlayan ADAU ailəsi növbəti tədris ilinə də böyük həvəslə hazırlaşır. Daim artmaqda olan dövlət qayğısı altında ADAU ailəsinin hər bir üzvü öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi özünə borc bilir.  

Təbii ki, ADAU sevərlər bu tədris ilində də yeni açılışların şahidi olacaqlar.