Rektorun müraciəti

 

 

     

          Hörmətli dostlar!

      Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etməyi, müasir təfəkkürlü və rəqabət qabiliyyətli aqrar mütəхəssis-kadrları hazırlamağı qarşısına məqsəd qoyan Azərbaycan Dövlət Aqrar Universiteti  (ADAU)  dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yurdunda, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilmiş, qədimliyini qorumaqla müasirləşən Gəncə şəhərində yerləşir. 1929-cü ildən fəaliyyət göstərən universitetimiz aqronomluq, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, elektroenergetika və informasiya texnologiyaları, mühəndislik fakültələrini, qiyabi təhsil şöbəsini və magistr hazırlığı mərkəzini özündə birləşdirməklə, ölkəmizin müxtəlif bölgələrindən və xarici ölkələrdən olan 5000-dən çox tələbə gənclərə azərbaycan, rus və ingilis dillərində təhsil verir. Müasir üslubda təmir olunmuş və istifadəyə verilmiş tədris korpusları, auditoriyalar, laboratoriyalar, tədqiqat mərkəzləri, kitabxana, innovativ aqrobiznes şirkətlərində təşkil olunan  təcrübələr burada yüksək keyfiyyətli təhsil almağa imkan verir. Bundan başqa,  tələbə kampusu, idman zalı, tələbə istirahət guşələri, yay məktəbləri, ekskursiyalar və digər şəraitlər universitetdə aktiv tələbə həyatını təmin edir. Bütün bu imkanlardan faydalanmaqla keyfiyyətli təhsil almaq istəyirsinisə, Sizləri universitetin təhsil mühiti ilə yaxından tanış olmağa və ADAU ailəsinə qoşulmağa dəvət edirik.

            Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) xoş gəlmisiniz!

                    Hörmətlə,

                  İbrahim Həsən oğlu CƏFƏROV

                 Rektor, AMEA-nın müxbir üzvü, professor