İkili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti onlayn iclası baş tutub.

Görüşə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, Ege Universitetinin rektoru prof.dr. Necdet Budak, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Fuad Mayılov, Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədov, Dövlət proqramı İdarəetmə qrupunun rəhbəri Turan Topalova, Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı prof.dr. Banu Yücel, ikili diplom proqramının direktoru Lamiyə Quliyeva, Edip Açıl və digər iştirakçılar qoşulublar.

İclasda ADAU ilə Türkiyənin Ege Universiteti arasında əməkdaşlıq çərçivəsində bir çox məsələlər, 2023-cü ildə Gəncə şəhərində birgə karyera sərgisinin keçirilməsi məsələsi rəhbər komitə üzvləri tərəfindən müzakirə olunub. Ege Universitetində təhsilin magistratura səviyyəsinə müraciət edəcək tələbələr üçün Azərbaycan Dövlət Aqrar Universitetində Türk dili tədris mərkəzinin açılması və Türk dili fənnindən dərəcə imtahanlarının təşkil olunması, həmçinin, ikili diplom proqramının akademik heyəti tərəfindən İngilis dili fənnindən müvafiq kursların və imtahanların keçirilməsi də ətraflı müzakirə edilib.



İkili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib