Azərbaycan Respublikası Təhsil Nazirinin İmtahan sessiyasının təşkili və keçirilməsi barədə əmri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
ƏMR
№706


Gəncə şəhəri
14.12.2021


Azərbaycan Respublikası Təhsil Nazirinin
10.12.2021-ci il tarixli F-570 nömrəli
əmrinin elan edilməsi barədə



Azərbaycan Respublikası Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrini elan edirəm:

"AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRİ
ƏMR
№ F-570


Bakı şəhəri
10.12.2021


İmtahan sessiyasının təşkili və keçirilməsi barədə

Ali və orta ixtisas təhsili müəssisələrində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını təşkil etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

əmr edirəm:


1. Ali və orta ixtisas təhsili müəssisələrində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 03.01.2022-ci il tarixdən əyani formada təşkil olunsun.

2. İmtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunsun.

3. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim etsinlər.

4. Elm, ali və orta ixtisas təhsili (Nicat Məmmədli) və Daxili nəzarət (İlqar Mahmudov) şöbələri:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş nöqsanlarla bağlı daxil olan məlumatları operativ araşdıraraq bu hallara yol vermiş şəxslər barəsində tədbirlərin görülməsini təmin etsinlər və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar;
- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

5. İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (Rəşad Xanlarov) və İctimaiyyətlə əlaqələr sektoruna (Cəsarət Valehov) tapşırılsın:
- Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsin;
- əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılsın.

Emin Əmrullayev"


Azərbaycan Respublikası Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrini icra etmək məqsədilə

əmr edirəm:


1. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmri icra üçün qəbul edilsin.

2. Payız semestrinin imtahan sessiyası 2022-ci il yanvarın 5-dən fevralın 1-dək müddətdə əyani formada keçirilsin.

3. İmtahanların gedişi ilə əlaqədar aşağıdakı tərkibdə imtahan qərargahı yaradılsın:

A. Hətəmov - tədris işləri üzrə prorektor, dosent, sədr
Fakültə dekanları
Magistr hazırlığı mərkəzinin direktoru
Akademik məsləhətçilər (tyutorlar)

4. Nəzərə alınsın ki, imtahanların sualları tələbələrə çatdırılmışdır.

5. İmtahanlarda üzrlü səbəblərdən iştirak etməyənlər üçün 2022-ci il fevralın 2-dən 8-dək həmin fənn üzrə təkrar ödənişsiz imtahan vermək üçün 1 dəfə şərait yaradılsın.

Nəzərə alınsın ki, bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

6. İmtahandan qeyri-kafi qiymət almış tələbələr üçün həmin fənn üzrə 25% ödəməklə təkrar imtahan 2021-ci il fevralın 6-dan 10-dək keçirilsin.

Nəzərə alınsın ki, bu imkan tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün yaradılır.

7. Fakültə dekanları, magistr hazırlığı mərkəzinin direktoru, akademik məsləhətçilər (tyutorlar) əyani formada imtahanların keçirilməsi barədə professor-müəllim heyəti və tələbələri məlumatlandırsınlar.

8. Əmr Universitetin internet saytında yerləşdirilsin.

ƏSAS: Azərbaycan Respublikası Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmri, tədris şöbəsinin icrası, prorektor A.Hətəmovun razılığı.

Rektor
İbrahim Cəfərov