ADAU tələbəsi təqaüdünü şəhid ailəsinə bağışladı

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavr pilləsi məzunu, I kurs magistr tələbəsi Əkrəm Mahmudzadə tələbə təqaüdünü ali təhsil müəssisəsinin Dillər kafedrasının müəllimi, şəhid mayor Sərxan Muxtarovun həyat yoldaşı Vəfa Muxtarovaya bağışlayıb.

Tədbirdə çıxış edən universitetin Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib. Göstərilən xeyirxah addım və təşəbbüsə görə tələbəyə və ailə üzvlərinə minnətdarlığını bildirib.

Tələbənin atası Ədalət Mahmudov deyib ki, övladı Əkrəm Mahmudzadə könüllü şəkildə irəli sürdüyü təşəbbüsü ilə bütün tələbələrə nümunə olmaq və dövlətin şəhid ailələrinə olan diqqət və qayğısına dəstək olmaq istədiyini vurğulayıb.

Bildirilib ki, universitet Elmi Şurasının 2021-ci il 5 yanvar tarixli qərarına əsasən döyüşlərdə iştirak etmiş 6 əməkdaşın vəzifə maaşlarına 200 manat məbləğində əlavə olunub, 2 nəfər - Qurban Qurbanov və Fariz Süleymanov assistenlikdən baş müəllim vəzifəsinə keçiriliblər. Bununla yanaşı universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 6 nəfərə ümumilikdə 2700 manat məbləğində maddi yardım edilib.

Bundan əlavə ADAU rəhbərliyi Vətən müharibəsində şəhid olmuş Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödənilir.

Həmçinin, Vətən müharibəsi dövründə Ermənistanın dinc əhalini hədəf alan raket hücumları nəticəsində hər iki valideynini itirən tələbəsi Sevil Əliyevaya universitet rəhbərliyinin təşəbbüsü və Elmi Şuranın qərarı ilə büdcədənkənar vəsait hesabına hər ay 150 manat məbləğində təqaüd verilir.

ADAU tələbəsi təqaüdünü şəhid ailəsinə bağışladıADAU tələbəsi təqaüdünü şəhid ailəsinə bağışladıADAU tələbəsi təqaüdünü şəhid ailəsinə bağışladı