Abituriyentlər üçün məlumat

            Əziz abituriyentlər, hörmətli valideynlər!

           Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə yeganə ali təhsil müəssisəsidir ki, aqrar sahə üçün mütəxəssis hazırlığı aparır. Qeyri neft sektoru olaraq  kənd təsərrüfatının inkişafı dövlətimizin prioritetlərindəndir. Təsadüfi deyildir ki, 1 və 4-cü qruplar üzrə 12 ixtisas birbaşa Nazirlər Kabinetinin qərarı ilə dövlət sifarişinə götürülməklə, bu ixtisaslara qəbul olunan tələbələr təhsil haqqından azad olmaqla, təhsil müddətində təqaüd alırlar. Meliorasiya və su təsərrüfati tikintisi mühəndisliyi, aqromühəndislik,torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, meşəçilik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi kimi 1-ci qrup ixtisasları, ekologiya, baytarlıq, əczaçılıq, su bioehtiyatları və akvabitkilər kimi 4-cü qrup ixtisasları həmin dövlət sifarişinə daxildir. Bu ixtisaslarda keçid balı 150 olmaqla, nisbi bal məhdudiyyəti yoxdur. 

        17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müasir tələbə yataqxanasının açılışında iştirak etmişdir. Kompleksin dörd korpusu yeddi­mərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçi­nin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i iki­nəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Eyni layihə əsasında digər yataqxananın tikintisi uğurla davam etdirilir.

          Bu gün univertsitet yüksək maddi-texniki bazaya malik olan müasir bir təhsil ocağıdır. Məhz  Azərbaycan standartları ilə təmir olunmuş 6 tədris korpusu, idman zalları, müasir laboratoriyalar,  quşçuluq, balıqçılıq, arıçılıq tədris mərkəzləri, müasir kənd təsərrüfati texnikasının nümunələri, elektron kitabxana, 600 mindən çox kitabı özündə ehtiva edən əsaslı kitabxana və  digər obyektlər universitetdə olanların yalnız bir hissəsidir.

        Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən, kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat səviyyəsinə qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə Universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat, habelə 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində təqaüd ödənilmişdir. Bundan başqa, tələbələr semestr imtahanlarının nəticələrindən asılı olaraq əlavə stimullaşdırıcı təqaüdlərlə də təmin olunurlar.

       Bu gün Gəncə şəhəri sürətlə böyüyür, inkişaf edir, Dahi Nizami Gəncəvinin yurdu muzeylər, tarixi etnoqrafik bir kompleksə çevrilir. Dünyada analoqu olmayan, 400 hektar sahəni əhatə edən Heydər Əliyev adına park kompleksi məhz bizim şəhərdədir. 

       Əziz abituriyentlər!

      Əgər yaxşı təhsil, xaricdə  tədris və istehsalat təcrübələri, müxtəlif proqramlar üzrə 6 aylıq və 1 illik təhsil proqramlarında iştirak etmək və gələcəkdə uğurlu karyera qurmaq  istəyirsinizsə, onda Azərbaycan Dövlət Aqrar Universitetini seçin.