Aqronomluq fakültəsi

Biologiya kafedrası

 

Kafedra müdiri: Professor ZAUR HÜMBƏTOV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 208

Tel. (+994 22) 266-97-08

E-mail: adaubiologiya@gmail.com

 

Azərbaycan Dövlət Aqrar Universitetinin  ilk yaradılan kafedralardan biri­dir. Kafedra yaranan tarixdən demək olarki dünyanın bir  çox görkəmli botanikləri  bu kafedrada işləyərək bö­yük elmi tədqiqat işləri aparmışlar. Azərbaycanda ali məktəblərdə tədris edilən botanika  fənni üzrə ilk milli dildə yazilan  dərsliklər bu kafedrada yazılmışdır. Kafedra öz fəaliyyəti döv­ründə 6 elmlər doktoru, 60-dan çox elmlər namizədi, 70-ə yaxın magistirlər  yetişdirmişdir.

Botanika  (indiki Biologiya) kafedrası 1920-ci ildə Politexnik İnstitutunun tərkibində, kənd təsərüffatı fakültəsi yaranan tarixdən təşkil olunmuşdur. Kafedranın ilk təşkilatçısı və müdiri dünya şöhrətli botanik, akademik A.A.Qrossheym olmuşdur. Sonralar kafedraya professor N.A.Lebedyev, V.İ.Razdorski, 1926-1937 illərdə isə polyak əsilli alim, professor  M.V. Brjezitski rəhbərlik etmişdir.

Professor M.V. Brjezitski kafedranın əməkdaşları ilə birgə Azərbaycanın pambıq sahələrinin alaq bitkilərini öyrənmiş və onlara qarşı mübarizə metodlarını işləyib hazırlanmışdır. O, Azərbaycanda ilk dəfə olaraq yerli çəltiklərin  növ  tərkibini, biologiyasını geniş öyrənmiş, bu haqda 12-dən çox elmi əsərlər yazmışdır. Azərbaycanın Torpaq Narkomunun qərarı ilə professor M.V. Brjezitski, B.S.Serdyukov, M.A.Qasımov, A.M.Quliyev Xaldan və Göyçay rayonları ərazisində quru subtropik bitkilərin əkin sahələrinin artırılması üçün geniş elmi-tədqiqat işləri aparmışlar. Bununla bərabər o, botanika kafedrasında anatomiya, morfologiya, sistematika fənnlərinin mühazirə materiallarını yazaraq makina çapından çıxarmışdır.

Kafedrada müxtəlif dövrlərdə digər görkəmli botaniklərdən V.Kislyakovski, V.Ulyanişev, S.Osmanzadə, M.Bayramov müəllimlik etmişlər. Kafedranın  elmi-pedaqoji kadrların inkişafında görkəmli botaniklər P.M.Jukovski, A.A.Fyodorov, A.A.Yatsenko-Xmelevski, A.Q.Doluxanov və s. böyük əməkləri olmuşdur.

Akadmik A.A.Qrossheym öz xatirələrində qeyd edirdi ki,  «... Mənim bir botanik alim kimi formalaşmağımda Azərbaycanda və o cümlədən, Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasında fəaliyyətim böyük rol oynamışdır. O vaxtlar Gəncə Qafqazın elm mərkəzi sayılırdı ki, buradan Qafqazın hər dörd istiqamətinə qısa müddətdə ekpedisiyalar təşkil etmək olurdu».

Görkəmli ksiloanatom professor A.A.Yatsenko-Xmelevskinin və A.Q.Doluxanovun şəxsi xatirələrində qeyd edirlər ki, Gəncədə yerşələn Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrası bizim doğma evimizə çevrilmişdir. Biz Böyük və Kiçik Qafqazda, Mil-Muğan düzlərində,  Talışda botaniki ekspedisiyalardan sonra həmən kafedrada herbarilərin təyin edilməsi, elmi məsləhətlərin alınması, yerli şəraitin geomorfoloji xüsusiyətlərinin öyrənilməsini həyata keçirirdik. Bəzən bu ekspedisiyalara Azərbaycanlı tələbələrdə cəlb edilirdi. Belə tələbələrdən akademik Validə Tutayuq, Həsən Əliyev və b. aid etmək olar.

Akademik Validə Tutayuk öz xatirələrində qeyd edirdi ki,  botanika sahəsində alim olmağıma əsas səbəb  görkəmli rus alimləri ilə birgə çöl ekspedisiyalarında iştirak etməyim olmuşdur. Validə xanim hələ tələbə ikən professor S.V.Krainski onu özünün bütün tədqiqatlarına və ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi məqsədilə Zaqafqaziya zonasında aparılan ekspedisiya xüsusilə maraqlı və məhsuldar idi. Tutayuq ekspedisiyada prof. Krayinski tərəfindən briqadir təyin olunaraq  onun başçılıq etdiyi briqadaya müəyyən yaşayış məntəqələrinin meyvə bağlarını sərbəst tədqiq etmək tapşırığı verilmişdi.

Eyni zamanda  professor S.V.Krainski  Validə xanımı  Böyük Qafqazdan qozmeyvəlilər üzrə toplanan  materialın tədqiq edilməsi işinə cəlb edir və onlar ikilikdə Azərbaycanın 100-ə qədər yunan qozu və fındıq növlərinin müxtəlif sortlarının ilk olaraq botaniki  təsvirini verirlər. Bunu dahi alim V.X.Tutayuqun ilk elmi işi hesab etmək olar.

Fenomenal tədqiqat qabiliyyətinə malik olmasını görən akademik P.M.Jukovski gənc tədqiqatçı kimi Validə Tutayuqu Moskva  şəhərinə K.A.Timiryazev adına Kənd Təssərüfatı Akademiyasına dəvət edir.  V.X.Tutayuq  akademik P. Jukovskinin rəhbərliyi ilə       K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında aspiranturanı müvəffəqiyyətlə  bitirərək  Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına rəhbərlik edir. V.X.Tutayuqun namizədlik dissertasiyası «Şəbbükülündə çoxləçəkliliyin təbiəti» adlanırdı. O, bu obyekt üzərində birinci dəfə kiçik ixtira etdi: şəbbügülün xaricdən steril çoxləçəkli çiçəklərində ləçəyin içərisində tozcuqla birlikdə toz kisəciyi inkişaf edir. Şəbbügülündə çoxləçəklilik nişanəsi içərisində müəyyən faiz çoxləçəkli nüsxələri olan adi çiçəyə malik toxumları vasitəsilə nəslə keçir. Bu bitkibin çoxləçəkli çiçəkləri nəsl vermir.

Akademik V.Tutayuq  SSRİ-nin müxtəlif zonalarında örtülütoxumlu bitkilərin nümayəndələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir. Çoxləçəkli çiçəklərin öyrənilməsinə aid bütün materiallar bir yerə toplanaraq, doktorluq dissertasiyasında yekunlaşdırılır. «Çoxləçəkli örtülütoxumluların embriologiyası» adlı dissertasiya 1949-cu il mayın 11-də Leninqrad (indiki Sankt Peterburq) şəhərində, SSRİ Elmlər Akademiyası V.L.Komarov adına Botanika İnstitutunun elmi şurasında müdafiə edilir. V.X.Tutayuq 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur.

Apardığı elmi tədqiqat işlərrinə görə Akademik Tutayuq bir çox beynəlxalq konqreslərə görkəmli Sovet alimi kimi dəvətlər alırdı. O, 1959-cu ilin avqustunda Kanadada (Monreal), 1963 cü ildə Çində keçirilən botaniklərin Beynəlxalq konqressində ingilis dilində maraq doğuran elmi məruzələr edirdi. Onuda qeyd etmək istərdik ki, o dövürdə sovet alimləri içərisində belə beynəlxalq elmi məclislərə çox az alimlər dəvət alırdı.

Akademik V.Tutayuqun yazdığı elmi tədqiqat işlərinə nəinki Sovet İttifaqının müttəfiq respublikalarında, hətta bir sıra xarici ölkələrdə də tanıtdırdı. Monoqrafiyaya dair onun ünvanına genetik Stebbins (Kaliforniya Universiteti, Berkli), Conson (Kaliforniya Universiteti, Los-Anjeles), anatom Katerin Ezau (Harvard Universiteti Biologiya İnstitutunun direktoru), Marri Teylor (Vaşinqton), Londondakı Britaniya təbiət müzeyindən prof. C.Dandi, Yerusalim universitetindən prof. Faan, prof. Mostovoy (Çexoslovakiya), görkəmli alim Qyude Mişel (Fransa) və başqa tanınmış alimlərdən rəylər gəlirdi.

V.X.Tutayuqun rəhbərliyi altında Kiçik Qafqazın və Qərb rayonlarının otlaq sahələrinin, Naxçıvan MSSR-nin otlaqlarının genişmiqyaslı geobotaniki tədqiqatlar aparılmış və onların yaxşılaşdırılmasına dair təkliflər hazırlanmışdır.

Botanika kafedrası Azərbaycanda milli kadrlarımızin hazırlanması və  botanika elminin inkişafında mühüm rol oynamışdır. Akad. V.X.Tutayuk Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və mor­fo­logiyası, sitologiyası və filogeniyası sahəsində elmi işləri bu kafedrada aparmış və Azərbaycan bitki anatomiyası məktəbini yaratmışdır. O, Azərbaycan dilində ilk «Bitki anatomiyası və mor­fologiyası» (1958, 1967, 1979) dərsliklərini yazmışdır. Sonralar bu dərslik rus dilində (1972,1980) Moskva şəhərində, gürcü (Tiflisdə 1984) və başqa dillərə tərcümə edilmişdir.

Akad. V.X.Tutayukun rəhbərliyi altında Y.M. Ağayev, Ü.M.Ağamirov, F.M.Cəfərli, İ.Q.Qədirov, R.K.Cavadova, S.A.Qədimova, L.D.Sadıqova, L.V.Turçaninova, B.A.Mehtiyeva, B.M.Əliyev, Y.N.Allahverdiyev, Z.İ.Hümbətov, S.H.Bağırov, Z.X.İsmayılova və b. müxtəlif iqlim torpaq şəraitində bitən ağac, kol, bəzək, meşə və yem bitkilərinin morfo-anatomik və ekoloji xüsusiyyətləri, ağac, kol bitkilərinin assimilyasiya etməyən orqanlarındakı yaşıl plastidlərin təbiəti, Talış meşələrinin üçüncü dövrü nümayəndələrinin morfo-anatomik xüsusiyyətlərinin öyrənilməsi, «Örtülü toxumluların mənşəyi və onların qədim qrupları», «Çiçəyin teretologiyası», Talışın ağac reliktləri və s. əsərlərin yazılması ilə nəticələnmişdir.

1968-1970-ci illərdə Ulu öndər H.Əliyevin göstərişi ilə Kəlbəcər və Laçın rayonlarının geobotaniki tədqiqi V.X.Tutayuqa həvalə olunmuşdu. Son dərəcə dəqiqliklə aparılan tədqiqatlarda həmin rayonların ərazisində 550 növün yayılması aşkar edilmişdir.

 

Sonralar kafedraya prof. V.Ş.Quliyev (1980-89), və Moskva Kənd Təsərrüfatı Akademiyasının yetir­məsi olan  professor Ə.V.Əlizadə (1989-98) rəhbərlik etmişlər.

Bu baxımdan 1957-ci ildə  V.Tutayuq Azərbaycan EA-nın Botanika İnstitutuna direktor təyin olunur. Botanika kafedrasına isə 1957-1962-ci illərdə akademik Ə.M.Quliyev rəhbərlik edir. Akademik Tutayuq 1962-ci ildə Gəncə şəhərinə qayıdaraq  ömrünün sonuna qədər (1980-ci ilə kimi)  kafedraya yenidən rəhbərlik etmişdir.

Ə.M.Quliyevin kafedraya rəhbərlik etdiyi dövrlərdə yüksək məhsuldar qarğıdalı və toxumluq yonca sortlarının alınması üzərində  də elmi işlər aparılmış, kənd təsərrüfatı bitkilərinin ekperimental mütagen formalarının alınması üsulundan istifadə edərək H.Aslanov, L.Qarayev və b. ilə birlikdə yoncanın, pambığın və qarğıdalının yeni sortlarının əldə edilməsi, üzərində işləmişlər. T.Y.Cəfərova paxlalı yem bitkilərinin biologiyasının və becərilməsinin öyrənilməsi üzərində tədqiqat işi aparmışlar.

Kənd təsərrüfatı elmlərinin inkişafında, yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının, habelə elmi kadrların hazırlanmasında yüksək xidmətlərinə görə akademik V.X.Tutayuq və Ə.M.Quliyevə əməkdar elm xadimi adı verilərək bir sıra orden və medallarla təltif edilmişlər.

Prof. V.Ş.Quliyevin kafedraya  rəhbərlik etdiyi dövrdə ölkəmizin yay və qış otlaq sahələrinin pasportlaşması üzrə böyük elmi ekspedisiyalar təşkil olunmuşdur. Kafedranın nəzdində 75 ha-dan ibarət böyük Dendroloji bağ yaradılaraq, burada nadir bitkilərin kolleksiyassı toplanmışdır.

Prof. Ə.V.Əlizadə Azərbaycanın yabanı və mədəni taxıl  növlərinin botaniki tərkibinin öyrənilməsi və yeni məhsuldar buğda sortlarının əldə edilməsi problemi üzərində çalışmışdır. Onlarca elmlər namizədləri və doktorlar yetirmişdir.

Kafedrada keçən əsrin əvvələrindən toplanan 100 minə yaxın herbari fondu saxlanılır. Bu herbarilər elmi su­rətdə təyin edilmiş  əsasən Kəlbəcər-Laçın ərazisindən toplanmışdır.

Kafedrada Azərbaycanda biologiya sahəsində samballı kadrlar yetişmişlər. Onlardan professor V.S.Novruzov, B.M.Məhəmmədi, S.M.Məmmədova, T.Y.Cəfərova, S.A.Qədimova, B.M.Əliyev, Y.N.Allahverdiyev, Z.İ.Hümbətov, Z.X.İsmayılova, M.Y.Qəbilov, A.S.Sərdərova, N.V.Nəsirova, C.Q.Səfərov, E.Z.Quliyeva, Ş.A.Hüseyinova, İ.F.Əliyeva  və s.göstərmək olar.

Kafedraya 1998-ci ildən Akademik V.X.Tutayukun yetirməsi olan professor Zaur İsrəfil oğlu Hümbətov rəhbərlik edir. Z.I. Hümbətov 250-dən artıq elmi məqalə, dərslik, dərs vəsaitləri və metodik proqramların müəllifidir. Onun əsas tədqiqat işi bitki anatomiyası və moflogiyası, palinologiya, təbiətin mü­hafizəsi və etnobotanika sahələrini əhatə edir. Professor Z.İ.Hümbətov  ilk dəfə olaraq anatomik tədqiqatlarda mübahisə doğuran bəzi quruluş elementlərinin aydınlaşması üçün SKAN elektron mikroskopunda tədqiqatlar aparmış və  elmə yeni terminlər daxil etmişdir. İynəyarpaqlı növlərin tədqiqi və qorunması  üzrə dünyada tanınmış alimlərdən biridir. O, Talışda bitən min illik Talış qaraçöhrəsi növünü müəyyən etmiş və ilk olaraq onun botaniki təsvirini vermişdir.  

Professor Zaur Hümbətov Rusiya EA-nın Baş Nəbatət Bağının elmi koordinasiya şurasının Qafqaz regionu üzrə koordinatoru, "Akademik Həsən Əliyev adına Azərbaycan Ekologiya və Ətraf mühitə Nəzarət Mərkəzi" İctimai Birliyinin qərb bölgəsi üzrə rəhbəri, Azərbaycan Yaşıllar Cəmiyyətinin vitse prezidentidir. Z.Hümbətovun müəllifi olduğu "Bitki anatomiyası və morfologiyası", eləcə də "Botanika fənnindən, tədris və tədqiqat metodları", "Akvakultura" dərsliklərindən bu gün müstəqil ölkəmizin bütün ali məktəblərində və tədqiqat mərkəzlərində yeganə dərslik kimi istifadə edilir.

Professor Hümbətov bir sıra beynəlxalq konqreslərdə (Türkiyə, İsveçrə, Portuqaliya, İngiltərə, Serbiya, İsrail, Rusiya və s.) elmi məruzələrlə çıxışlar etmişdir. Azərbaycanda ilk dəfə olaraq «Bitki anatomiyası  və morfologiyası», «K/t biologiyası», «Aqrogeobotanika» ixtisasları üzrə magistra­tu­ra kursunu yarat­mışdır. İndi bu ixtisaslar üzrə bir neçə xarici ölkələrdən olan ma­gistrlər təhsil alırlar.

2000-ci ildə   Botanika kafedrasına “Bitki fizyologiyası və mikrobiologiyası” kafedrası birləşdirilərək  kafedra  “Botanika və bitki fizyologiyası” kafedrası adlanır. 2011 ci ildə isə yeni bioloji ixtisasların açılması ilə əlaqədar kafedraya “Biologiya” adı verilmişdir. 2014-cü ildə akademik V.X.Tutayuqun 100 illik yubileyi ilə əlaqədar kafedra akademik V.X.Tutayukun şərəfinə onun adı ilə adlandırılmışdır.

Kafedra Akadmik V.X.Tutayuq məktəbini uğurla davam etdirərək bu gündə öz elmi pedaqoji  səviyyəsini saxlayır. Professor B.M.Əliyev əsasən anatomik tədqiqatları ilə seçilən samballı alimlərdən biri hesab edilir. O kafedrada anatomiya laboratoriyasını yaradaraq Tutayuq məktəbinin davamçısı kimi dəyərli elmi tədqiqat işləri aparır.  A.S.Sərdərova, İ.F.Əliyeva, A.K.Hüseyinova struktur botanikası, geobotanika, dərman bitkiləri və s. fənlər üzrə tədrislə məşğuldular. Dosentlər Z.X.İsmayılova, M.C.Şahmuradova, İ.E.Əbilova, V.M.Orucov və b. bitki sistematikası, su bitkiləri və biologiyanı fənnləri  üzrə ixtisaslaşaraq maraqlı tədris və tədqiqat işləri yerinə yetirirlər.

Hazırda  elmi potensiala malik mərkəz kimi sayılan biologiya kafedrası, bir sıra dünya botanikiləri ilə əlaqə saxlayır. Kaferdaya Moskvadan, Sankt Peterburqdan, Türkiyə, İsrail, Serbiya, Almaniya, ABŞ  və s. ölkələrdən mütəxəssislər gələrək birgə əməkdaşlıq edirlər.

Kafedrada bitki fiziologiyası və biokimyası, mikrobiologiya və biotexnologiya üzrə  tədqiqat  qrupuna  professor  A.T.Qazıyev rəhbərlik edir. Onun rəhbərliyi ilə dos.M.İ.Qasımova, b.m. N.O.Məmmədova, Y.M.Məmmədova, S.N.Rəhimova, Ş.E.Ələkbərova ekspremental xarakterli  geniş elmi tədqiqat işləri aparılmaqla yanaşı,  xeyli  dərslik, dərs vəsaitləri və metodik proqramlar  yazılmışdır. 

Hazırda  kafedrada bakalavr ixtısası üzrə  “Su bioehtiyatları və akvabitkilər”, magistr ixtisasları üzrə; biologiya və k/t əsasları, botanika, bitki anatomiyası və morfologiyası, aqrogeobotanika, mikrobiologiya, su bioehtiyatları, akvakultura, mütəxəssisləri hazırlanır.

Kafedranın yüksək ixtisalı elmi pedaqoji heyyəti  botanika, geobotanika, biologiya, bitki fiziologiyası,  mikrobiologiya, biotexnologiya, bitki biyokimyası, aqrometerologiya, metrologiya və iqlimşünaslıq, su bitkiləri, akvakultura, əczaçılıq botanikası  və s. fənləri  azərbaycan,  rus və ingilis dilində tədris edirlər. 

Kafedrada fəaliyyət göstərən akademik V.X.Tutayuq adına tələbə elmi dərnəyinə  cəlb olunan tələbələr apardıqları  elmi işlərin yekunları haqqında maraqlı məruzələr edirlər.

Kafedrada müasir avadanlıqlarla təchiz olunmuş  elmi laparatoriyalar “bitki anatomiyası və morfologiyası”, “ultrastruktur və biotexnoloji tədqiqatlar”, “bitki fiziologiyası”, “biologiyanın tədris metodikası” fəaliyyət göstərir.  Burada aparılan elmi tədqiqat işlərinin nəticələri tədrisdə istifadə edilməklə yanaşı beynəlxalq  jurnallarda dərc olunur.

 

Mütəxəssis hazırlığı aparılan ixtisaslar və onların mahiyyəti. Botanika, bitki fiziologiyası, mikrobiologiya, biokimya və s. kafedrad tədris olan fənlər ümumi bioloji fənlər olub k/t mütəxəssislərinin hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir. Beləki tələbələr bitkinin xarici və daxili quruluşunu, mənşəyi,  biologiyasını, reproduktiv xüsusiyyətlərini, onlarda gedən fiziolji və mikrobioloji prosesləri  öyrənirlər. Ən əsası da bioloji terminlər və onların mahiyətini mənimsəyirlər.

 Magistr pilləsi üzrə ixtisaslar

  1. Biologiya və kənd təsərrüfatının əsasları
  2. Botanika
  3. Bitki anatomiyası və morfologiyası
  4. Aqrogeobotanika
  5. Mikrobiologiya
  6. Su bioehtiyatları
  7. Akvakultura

Kafedranın elmi istiqaməti:  Azərbaycanın strateji əhəmiyyətli yabanı və mədəni bitkilərinin bioekoloji xüsusiyyətləri və introduksiyası, dərman, qida, yem əhəmiyyətli növlərin tədqiqi,  etnobioloji tədqiqatlar.  Bitkilərdə baş verən metobolik, fizioloji,  mikrobioloji  prosseslərin izlənilməsi və metereoloji amillərin bitkilərə təsirinin öyrənilməsi.

Kafedranın maddi-texniki bazası: Mühazirə və  laboratoriya otaqaları,  kompyuterlər (12), nootbuklar  (5 ədəd), printerlər  (4 ədəd), proyektorlar  (5 ədəd), ağıllı lövhə  (1 ədəd), mikroskoplar – (33 ədəd, işıq və ya elektrik mikroskopları, 2 ədəd  monitorlu, 2 ədəd  steroskopik).

 

Kafedranın professor-müəllim heyəti