Tədris - Təcrübə təsərrüfatları

Aqrar sahənin inkişafına diqqət və qayğı göstərən ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Respublika Nazirlər Sovetinin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və gələcəkdə mütəxəssis hazırlığını yaxşılaşdırmaq haqqında “9 iyun 1978-ci il tarixli birgə qərarı oldu. Gəncə ilə indiki Göygöl rayonu sərhədində yeni tədris kompleksinin tikintisi və təcrübə təsərrüfatının yaradılması məqsədi ilə 300 hektar sahə ayrıldı. Çox keçmədi ki, burada yeni binalar inşa olundu, təcrübə təsərrüfatı yaradıldı. Lakin 90-cı illərin əvvəllərindən başlayaraq ölkədəki xaos, özbaşınalıq bu sahəyə təsirsiz ötüşmədi. 1993-cü ildə isə məlum Kəlbəcər hadisələrindən sonra tikililərdə köçkünlər yerləşdirildi. Təbii ki, o zaman evindən, eşiyindən didərgin salınmış adamlara sığınacaq vermək, onlara dəstək olmaq hamımızın vətəndaşlıq borcumuz idi. Bu gün də ölkə Prezidenti İlham Əliyev qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni edir, çadır şəhərcikləri ləğv olunur, yeni, hər cür şəraiti olan evlər tikilir, məktəb, səhiyyə ocaqları inşa olunur.

Ümumi torpaq sahəsi 77,8 hektardır. Onun 52 hektara yaxın əkinə yararlı torpaqlardır. Həmin torpaqlarda təcrübə məqsədi ilə taxil, arpa, kartof, qarğıdalı və bir çox tərəvəz bitkiləri əkilir. Torpaqların 6,43 hektarı dendroloji park, 3,41 hektarı meşə zolağı, 3 hektarı üzüm bağı, 20 hektar yonca sahəsi, 2 hektar meyvə bağı, 12 hektardan çoxu örüş yeri, dincə qoyulmuş torpaqlar və digər tikililərdən, arxlardan, yollardan ibarətdir. Təcrübə məqsədi ilə təsərrüfatda 80 baş xırda buynuzlu heyvanlar, 9 baş iri buynuzlu mal-qara, 4 baş at və müxtəlif ev quşları bəslənilir.

Universitetin professor-müəllim kollektivi, tələbələr üçün hərtərəfli şərait yaradılır. Torpaqların münbitliyinin yaxşılaşdırılması, qorunması, meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin genefondunun toplanması, toxum və ting istehsalı, əkinçilikdə müasir becərmə texnologiyalarının işlənməsi, yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin təşkili, heyvandarlıqda xəstəliklərə qarşı profilaktiki tədbirlərin hazırlanması, kənd təsərrüfatında istifadə olunan texnikanın səmərəliliyinin artırılması, fermer təsərrüfatının idarə olunması və kənd təsərrüfatı məhsullarının iqtisadi təhlili istiqamətində elmi-tədqiqat işləri geniş vüsət alır.

Hazırda tədris-təcrübə tarlasında heyvanlarda müşahidə olunan infeksion və invasion xəstəliklərə qarşı profilaktiki tədbirlər əyani şəkildə tələbələrə öyrədilir. Bitkiçilik sahəsində də mövsümi xarakterli bütün aqrotexniki tədbirlər tələbələrin iştirakı ilə həyata keçirilir. Deməli, universitetin maddi-texniki bazasının, xüsusən tədris-təcrübə tarlasının möhkəmləndirilməsi günün ən prioritet məsələlərindəndir.