Ulu öndərin anım günü qeyd edilib

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimidir.

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqın iftixarı, ürəklərdə özünə yer tapan milli lideri, güvənc yeri, qürur duyulan və arxa bilinən böyük Azərbaycanlı idi.

Bu fikirlər təhsil müəssisəsinin İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin tələbə müəllimləri ilə birgə Ulu öndər Heydər Əliyevin anım günü toplantısında səsləndirilib. Tədbir Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla başlayıb.

Tədbirdə Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi qayğıdan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Heydər Əliyevi zirvələrə qaldıran, Ulu öndər səviyyəsinə yüksəldən daim öz xalqına arxalanması və yanında olması idi. 

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışında deyib ki, Ümumilli lider Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı və buna təsir etmək gücündə olan lider, tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran nadir şəxsiyyət, sözlərinin çəkisi və sanbalı olan, xalqı arxasınca aparmağı bacaran bir siyasi xadim idi. 

Kafedranın əməkdaşlarından baş müəllim S.Abdullayeva, müəllim E. Aslanov, tələbələrdən S.Abdullayeva, R.Kazımov, R.Tağızadə çıxılarında xüsusi vurğulayıb ki, Ulu öndərin ən böyük gücü dərin biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, uzaqgörənliyində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Sonda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.

https://www.yenigence.com/?p=59940