Niderland Krallığının səfiri ADAU-da mühazirə söyləyib

Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vitae Onno Kervers Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonağı qəbul edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU-nun tarixi,  aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, beynəlxalq əməkdaşlıq, o cümlədən Niderland Krallığının aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Vitae Onno Kervers təmsil etdiyi ölkənin müvafiq ali təhsil və elmi tədqiqat müəssisələrinin ADAU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, o cümlədən müəllim və tələbələrin  müvadiləsinin və birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin zəruriliyindən danışıb.

Görüşdən sonra səfir Vitae Onno Kervers universitetin aqrobiznes və idarəetmə fakültəsində professor-müəllim və tələbə heyəti, o cümlədən “aqronomluq”  və “iqtisadiyyat” ixtisasları üzrə ingilis bölməsində təhsil alan tələbələr üçün  “İkitərəfli münasibətlər və Niderland Krallığında kənd təsərrüfatının inkişafı” mövzusunda mühazirə söyləyib. Tədbirin  sonunda səfir müəllimlərin və tələbələrin suallarını cavablandırıb.