ADAU-nun tələbə evində "Akademik Həsən Əliyev və Azərbaycan təbiəti" adlı rəsm əsərlərinin sərgisi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin bu günlərdə prezident İlham Əliyevin açılışını etdiyi ikinci tələbə evi kompleksində tələbələrin əl işlərindən ibarət “Akademik Həsən Əliyev və Azərbaycan təbiəti” adlı rəsm sərgisi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sərgi izləyicilərinə deyib ki, bu günə kimi Həsən Əliyevlə bağlı təhsil müəssisəsində silsilə tədbirlər keçirilib, akademikin həyat və fəaliyyəti elmi-nəzəri cəhətdən araşdırılıb. Bununla yanaşı “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı monoqrafiyanın təqdimat mərasimi də keçirilib. Fəxrlə deyilib ki, Əməkdar Elm Xadimi, akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin ən görkəmli məzunlarındandır. Akademik Həsən Əliyev 1930-cu ildə bu zəngin elm məbədinin aqronomluq fakültəsinə qəbul olunub, 1932-ci ildə həmin fakültəni vaxtından əvvəl bitirib. Onun çoxcəhətli və çoxşaxəli elmi fəaliyyəti, mənalı və ibrətli həyat yolu əsl ziyalı şəxsiyyətinin tipik xüsusiyyətləridir.

Gözəlliyi ilə dünyanın diqqətini çəkən və qorunması üçün akademik Həsən Əliyevin böyük zəhmət sərf etdiyi Azərbaycan təbiəti sərgidə nümayiş olunan əl işlərində daha canlı və düşündürücü görünüb.Tələbə düşüncəsindən və yaradıcılığından yaranan hər rəsm işi izləyicilər tərəfindən maraqla qarşılanıb. Sərgidə ən gözəl rəsm əsərinə görə 5 nəfər Universitet tərəfindən ayrılan 150-100 manat məbləğlərində pul mükafatlarına, fəxri fərmanlara layiq görülüb.