ADAU-nun baytarlıq və zoomühəndislik fakültəsinin tələbələri YAP-ın yubileyini qeyd edib

YAP Gəncə şəhər Təşkilatının dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar görüş keçirilib.

Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açaraq, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə gəlməsindən, ölkəmizin inkişafı, tərəqqisi hər birimizdə qürur hissi yaratdığını bildirib.

YAP Gəncə şəhər Təşkilatının şöbə müdiri Cabir Məmmədov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti, bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını gücləndirir. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin yeritdiyi gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar.

YAP Gəncə şəhər Təşkilatının məsul işçisi Anya Süleymanov, YAP Universitet ərazi ilk partiya təşkilatının sədri Təvəkkül İslamov, fakültənin dekanı, dosent Telman İsgəndərov, tələbələrdən Babək Məmmədzadə    çıxış edərək, ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirib, gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd ediblər.

Sonda YAP sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.