ADAU-da növbəti məzun yarmarkası

        Azərbaycan Dövlət  Aqrar Universitetində artıq 9-cu məzun yarmarkası keçirilib. Məzunların işlə təminatında bu yarmarkaların mühüm əhəmiyyət daşıdığı dəfələrlə təsdiqini tapıb. Universitetdə növbəti, 9-cu “Məzun 2017” yarmarkasında respublikanın 35 şəhər, rayonundan 129 müəssisə və şirkət iştirak edib,  910 vakant iş yeri məzunlara təklif olunub.

       Təhsil müəssisəsi indi inkişafının  zirvə ömrünü yaşayır. Tədrisin maddi-texniki bazası gücləndirilib, müasir tələblərə cavab verən  şərait yaradılıb. Ən əsası təcrübə dərsləri daim diqqət mərkəzində saxlanılıb. Elmi tədqiqat və tədris mərkəzləri indi tələbələrə  bütün imkanları verib. Təbii ki, bütün bunlar kadr hazırlığının səviyyəsinə öz müsbət təsirini göstərir.

        17 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak etməsi qeyd olunanların bariz nümunəsidir. Tələbələrimizə böyük hədiyyə olan kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Tikintisi sürətlə aparılan eyni layihə əsasında daha bir yataqxananın  isə yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulub.

       Bu il universitetdən bakalavriat pilləsi üzrə əyani təhsil formasında  880, qiyabi isə 269 nəfər tələbənin məzun olacağı gözlənilir. Aqronomluqdan  50, Aqrotexnologiyadan 143, Baytarlıq təbabəti və zoomühəndislikdən 118, Mühəndislikdən 230, Aqrar iqtisadiyyatdan 174, Aqrobiznes və idarəetmədən 165 məzun vakant yerləri tutmaq üçün yarmarkada iştirak edib. Bununla yanaşı qiyabi təhsil formasını bitirən, eləcə də əvvəlki illərdə məzun olanlar da yarmarkaya iştirak edib.

      Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, təhsil üzrə ekspert Əjdər Ağayev, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar, məzunlara uğur arzulayıblar.

        Yarmarkada Qrand Motors MMC, Azərsun Holdinq, Gilan Holdinq, Nurgün Aqro MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Şəmkir Aqropark, ümumilikdə 129 müəssisə və şirkət iştirak edib və əksəriyyət qurumlar iş təklifi ilə gəlib.

      Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və digər obyektlərlə tanış olublar.