ADAU: “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik”

 Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunan “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.
Universitetin mətbuat xidmətindən verilən xəbərə görə konfransın məqsədi Azərbaycanın görkəmli alimi, tanınan ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə müasir dövrdə araşdırmalar aparan gənc tədqiqatçıları bir araya toplamaq, onların elmi nəticələrini müzakirə etmək olub.

Konfransın plenar iclasını universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, akademik Cəlal Əliyevin həyat yolu, elmi nailiyyətləri, elmi məktəbinin davamçıları, müəyyən etdiyi elmi istiqamətlər üzrə araşdırmaların əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, konfransda ADAU ilə yanaşı, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Neft-Qaz İnstitutu, Azərbaycan Dövlət PedaqojiUniversiteti, Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bakı Dövlət Universitetini təmsil edən 50-dən çox gənc tədqiqatçının məruzəsinin dinlənilməsi nəzərdə tutulub. 

Plenar iclasda “Növlərarası hibridləşdirmədən əldə olunmuş F3 bitkilərın vegetasiya müddətləri”, “Azərbaycanın yerli buğda genotipindən Dreb geninin ayrılması və molekulyar xarakterizə olunması”, “Qax və Zaqatala rayonlarında yayılmış Asteraceae Dumort. fəsiləsinin invaziv növləri”, “Hibrid qarğıdalının toxumçuluğu”, “Müxtəlif buğda genotiplərinin yarpaqlarında karbon və azot metabolizmi fermentlərinin gün ərzində dəyişmə dinamikası”, “Buğdanın hüceyrə kulturasında morfogenezin induksiyası” və digər aktual mövzular üzrə məruzələr dinlənilib. 

Konfrans iştirakçıları aqronomluq fakültəsində akademik Cəlal Əliyevin adını daşıyan auditoriya ilə də tanış olublar. Konfransda ADAU-nun aqronomluq fakültəsinin professor-müəllim və tələbə heyəti və Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko iştirak edib.

https://www.yenigence.com/73308-2/