QƏBUL QAYDALARI

2022-ci ildən etibarən əcnəbilərin yerli ATM-lərə (Ali Təhsil Müəssisəsi) müraciətləri vahid qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus https://portal.edu.az/ üzərindən həyata keçirilir.

QƏBUL QAYDALARI


Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında təhsil alması
QAYDALARI


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi-tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (bundan sonra – təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

2. Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə təhsili

2.1. Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə təhsili aşağıdakı əsaslarla həyata keçirilir:
2.1.1. Dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında;
2.1.2. Azərbaycan Respublikasının hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında;
2.1.3. Təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında;
2.1.4. Xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında;
2.1.5. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladıqları müqavilələr əsasında.

2.2. Azərbaycan Respublikasının vətəndaşları təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər.

2.3. Təhsil müəssisələri xarici ölkələrin təhsil müəssisələri ilə şagird və tələbə mübadiləsini bu qaydalara və bağladıqları müqavilələrə uyğun həyata keçirirlər.

2.4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.2-ci bəndinə müvafiq olaraq dövlətlərarası razılaşmalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbulunun aparılması Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

2.5. Növbəti təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istəyən xaricdə təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir.

3. Əcnəbilərin Azərbaycan Respublikasının təhsil müəssisələrinə qəbulu

3.1. Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
3.1.1. Təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;
3.1.2. Təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;
3.1.3. Təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;
3.1.4. Təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;
3.1.5. Təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;
3.1.6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci və 6.2-ci bəndlərinə müvafiq olaraq, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.

3.2. Əcnəbilər Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.

3.3. Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.3-cü bəndində müəyyən edilmiş sənədləri təqdim etməlidirlər.

3.4. Bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.4.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
3.4.4. etibarlı sərhədkeçmə sənədi;
3.4.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil;
3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

3.5. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.

3.6. Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.

3.7. Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar:
3.7.1. Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;
3.7.2. yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.

4. Əcnəbilərin təhsilinin təşkili

4.1. Əcnəbilərin ümumi təhsil və ilk peşə-ixtisas təhsili pillələrində təhsili müvafiq dövlət standartları və təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

4.2. Ali və orta ixtisas təhsili müəssisələrində əcnəbilərin təhsili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit sistemi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramlarına müvafiq olaraq təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.

4.3. Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər. Əcnəbilər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla həyata keçirilir.

4.5. Kvota əsasında təhsil alan əcnəbilərin təhsil haqqı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun olaraq ödənilir.

4.6. Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil istisna olmaqla).

4.7. Bu qaydaların 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərində qeyd olunmuş fəaliyyətlər təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyini (təsisçi funksiyalarını digər dövlət qurumu yerinə yetirdikdə, həmçinin həmin orqanı) məlumatlandırmaqla həyata keçirilir.

4.8. Təhsil müəssisəsi təhsil alan əcnəbilər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir.

4.9. Təhsil müəssisəsini bitirən əcnəbilərə təhsil haqqında dövlət nümunəli sənəd verilir.

4.10. Əcnəbilərin bir təhsil proqramından və ya bir təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.

4.11. Ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələri və məzunları haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.

4.12. Azərbaycan Respublikasında təhsil alan əcnəbilər təhsil müəssisələrindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.

“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə,
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında təhsil alması Qaydaları”na

əlavə


*Təhsil müəssisəsinin adı* ilə əcnəbi tələbə arasında ödənişli
təhsil almaq haqqında
MÜQAVİLƏ



________ şəhəri
“___” __________


Bundan sonra “təhsil müəssisəsi” adlandırılacaq *təhsil müəssisəsinin adı* bir tərəf və “əcnəbi tələbə” adlandırılacaq _____________________ digər tərəf aşağıdakı məzmunda Müqavilə bağladılar.

1. Müqavilənin predmeti


Təhsil müəssisəsi ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında _______________təhsil səviyyəsinə uyğun ________________ ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün ______ manat məbləğində təhsil haqqının təhsil müəssisəsinə ödənilməsini öhdəsinə götürür.

2. Tərəflərin vəzifələri


2.1. Təhsil müəssisəsi:
2.1.1. əcnəbi tələbə tədris ili başlananadək illik təhsil haqqının azı 50 faizini təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun təhsil müəssisəsinə qəbulu haqqında əmr verir;
2.1.2. tədrisin dövlət təhsil standartlarına uyğun olaraq, ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları ilə müəyyən olunmuş kompetensiyalara (səriştələrə) uyğun mütəxəssis hazırlığını təmin edir;
2.1.3. əcnəbi tələbəyə ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradır;
2.1.4. əcnəbi tələbəni təhsil prosesi və daxili intizam qaydaları ilə tanış edir və ona hüquq və vəzifələrini izah edir;
2.1.5. əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət nümunəli sənəd verir.

2.2. Əcnəbi tələbə:


2.2.1. seçdiyi ixtisas üzrə tədris planı əsasında təhsil almaqla, tələb olunan kreditləri toplayır;
2.2.2. təhsil haqqını illik əsaslarla ___________ tarixədək ödəyir;
2.2.3. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir.
2.2.4. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim edir.

3. Müqavilənin əlavə şərtləri


3.1. Təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir:
3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə;
3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə;
3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda;
3.1.4. Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə.

3.2. Əcnəbi tələbə hər hansı səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda, ödənilmiş təhsil haqqı geri qaytarılmır.

3.3. Müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

3.4. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 eyni nüsxədə tərtib edilmiş, bir nüsxəsi təhsil müəssisəsində əcnəbi tələbənin şəxsi işində, digər nüsxəsi isə əcnəbi tələbənin özündə saxlanılmışdır.

Təhsil müəssisəsinin rəhbəri:___________________________________________

Ünvan: ____________________________________________________________________

Əcnəbi tələbənin soyadı, adı, atasının adı:______________________________

Ünvanı: ____________________________________________________________________
Sosial şəbəkələrdə paylaş: